Avqustun 14-də Bakı şəhərinin Yasamal rayonu ərazisində maraqlı hadisə baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən saat 23 radələrində Moskva prospektində, 20 Yanvar körpüsünün altında naməlum şəxs ərazidə xidmət aparan Milli Qvardiyanın Xüsusi təyinatlı bölüyünün əsgəri Adil Bayramova yaxınlaşıb. Həmin şəxs qvardiyanın əsgərinə deyib ki, körpünün alt hissəsində partlayıcı qurğu yerləşdirilib və tezliklə körpü partladılacaq. Bundan sonra isə o, “Opel Sintra” markalı, 10 BH 172 dövlət nömrə nişanlı avtomobil ilə ərazidən uzaqlaşıb.
Məlumat əsasında hüquq-mühafizə orqanları araşdırma aparıblar və çox keçmədən məlumatın əsassız olması üzə çıxıb. Dərhal yalan məlumat verən şəxsin axtarışları başlanılıb. müəyyən edilib ki, qvardiyanın əsgərinə yalan məlumat verən şəxs 1989-cu il təvəllüdlü İmanov Vüqar Bəhmən oğludur. O maşını ilə birlikdə saxlanılaraq Yasamal RPİ, 29-cu Polis Bölməsinə aparılıb. Maşında olan digər şəxs də bölməyə gətirilib. Burada həm V.İmanovun, həm də digər şəxsin narkotik vasitə istifadəçisi olması müəyyən edilib. Onların üzərindən xeyli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktla əlaqədar Yasamal RPİ-də Cinayət Məcəlləsinin 231.1 və 216-cı maddələri ilə iş başlanılıb, araşdırmalar aparılır.