İyulun 3-nə keçən gecə Bakının Nizami rayonu ərazisində silahlı insidentin baş verməsi barədə məlumatlar yayılıb. Lent. az-ın məlumatına görə, “Vinçester” tüfəngi ilə silahlanmış şəxs Heydər Əliyev prospekti 176 ünvanında itaətsizlik göstərib və atəş açıb. Nizami rayon Polis İdarəsindən Lent. az-a verilən məlumata görə, həmin şəxs yaxalanaraq idarəyə gətirilib və hazırda dindirilir.
Milli. az-ın məlumatına görə, Heydər Əliyev prospekti 176 ünvanında insident törətmiş şəxs "Anadolu" restoranlar şəbəkəsinin məsul əməkdaşı Mübariz Səmədov olub. O, polis əməkdaşlarını odlu silahdan atəşə tutub. Xoşbəxtlikdən, güllələrdən heç biri polislərə dəyməyib.
Qeyd edək ki, hadisənin ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin yerləşdiyi ərazisi yaxınlığında baş verməsi səbəbindən KİV-də müxtəlif məlumatlar yayılıb. Şirkət isə məsələ ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: “ İyulun 2-də gecə saatlarında Heydər Əliyev prospektinin ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin yerləşdiyi ərazisi yaxınlığında baş vermiş hadisənin Şirkətə, onun idarə və müəssisələrinə, eləcə də əməkdaşlarına heç bir aidiyyəti olmayıb. ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin binasını qoruyan Təhlükəsizlik İdarəsinin əməkdaşları yalnız polisin hadisəni törədənləri nəzarətdə saxlaması, hadisənin lokallaşdırılıb aradan qaldırılması üçün binanın ərazisindən istifadə etməsinə şərait yaradıb.”
Onu da qeyd edək ki, gecə saatlarında hadisənin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının xeyli əməkdaşı və xüsusi təyinatlılar cəlb edilib. Hadisə ilə bağlı ətraflı məlumat əldə etmək hələlik mümkün olmayıb.