Xəstəxanaya yerləşdirilmiş 13 yaşlı qız ölüb
Mayın 9-da Bakı şəhərinin Yasamal rayonu ərazisində baş vermiş dəhşətli yanğın hadisəsi nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. 5 saylı şəhər Klinik xəstəxanasından Lent.az-a verilən məlumata görə, mayın 9-da saat 16 radələrində Yasamal rayonu Z. Adıgözəlov küçəsində yerləşən 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yanğın zamanı xəsarət almış 2000-ci il təvəllüdlü Səbinə Baladadaşova mayın 12-də həkimlərin səyinə baxmayaraq ölüb.
Qeyd edək kİ, hadisə zamanı 2 ədəd 2 otaqlı mənzil yanıb. Hər iki mənzilin cəmi 94 kvadrat metr ərazisinin yanmasından sonra baxış zamanı mənzillərin birindən kirayənişin yaşayan 1949-cu il təvəllüdlü Valentina Korolyovanın və onun nəvəsi, 2010-cu il təvəllüdlü Rauf Əhmədovun meyitləri aşkar edilib. Digər mənzildə isə 2000-ci il təvəllüdlü Səbinə Baladadaşova, həmçinin 1992-ci il təvəllüdlü Elvin Bayramov və 1959-cu il təvəllüdlü Seyfulla Hüseynov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.