Dünən gecə saatlarında Suraxanı rayonunda baş vermiş dəhşətli hadisədə həyatını itirən 2 nəfərin şəxsiyyəti müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, martın 16-da saat 22 radələrində Suraxanı rayonu, S. Əliyev küçəsində Bakı şəhər sakini Bayram Əzimova məxsus mərmər sexində İran vətəndaşı Soleymani Bəhram Məhəmməd oğluna məxsus "Dang-Fang" markalı 25-D-65910 və 25-D-66-010 nömrə nişanlı yük maşınından mərmər listlər boşaldılarkən mərmərlər aşıb. Hadisə nəticəsində yükü boşaldan 1961-ci il təvəllüdlü Murad Həsənov və 1989-cu il təvəllüdlü Zeynalov Məhəmməd Məhərrəm oğlu mərmər listin altında qalaraq ölüb.
Hadisə yerinə Suraxanı rayon hüquq-mühafizə orqanları əməkdaşları gəlib, hadisə yerinin ekspetrizası aparılıb, meyitlər məhkəmə tibb ekspertizasından keçirilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma-eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
*****
01:55
Bakıda 2 nəfər bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 2 vətəndaşın mərmər lövhələr altında qalaraq vəfat etməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:14-də başa çatıb.