Bakının mərkəzində "BakuBus"un 14 saylı marşrutu üzrə hərəkət edən "İveco" markalı sərnişin avtobusunu daşa basan şəxslər saxlanılıb. Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Abdulla Novruzov və Mircavad Məmmədov yaxalanıb.
Lent.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində, Dilarə Əliyeva küçəsində avtobusun daşa basılması nəticəsində onun şüşələri sınmış və bir nəfər xəsarət almışdı.
*****
28 yanvar 11:21
Bakıda “BakuBus”a məxsus sərnişin avtobuslarının daşa basılması faktı ilə əlaqədar cinayət işi açılıb. Bu barədə Lent.az-a "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
N. Allahyarova bildirib ki, yanvarın 23-də "BakuBus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb. Fakta görə Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb. Lakin hələlik saxlanılan yoxdur.
N. Allahyarova qeyd edib ki, avtobusun daşa basılması nəticəsində xəsarət alan şəxs müalicəsini ev şəraitində davam etdirir.