Bu gün Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Biləcəri qəsəbəsində 30 yaşlı Rüstəm Həsənov qətlə yetirdiyi 28 yaşlı Elşən Ələkbərovla qonşu olub. Onlar həm də yaxın qohum imişlər.
Bu gün səhər saatlarında qonşular küçədə hələlik bəlli olmayan səbəbdən mübahisə ediblər. Mübahisə zəminində R.Həsənov özündən iki yaş kiçik olan Elşənə bıçaqla bir zərbə endirib. Xəstəxanaya aparılan E.Ələkbərov yolda keçinib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. İstintaq davam etdirilir.
*****
10:45
Bakıda daha bir qətl hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 20-də Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində yaşayan 1984-cü il təvəllüdlü Rüstəm Həsənov münaqişə zəminində 1986-cı il təvəllüdlü Elşən Ələkbərovu bıçaqlayaraq qətlə yetirib. Binəqədi RPİ 6-cı PB əməkdaşları R.Həsənovu yaxalayıb.
Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbləri araşdırılır.