Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşına cinayət işi açılıb
26 may 2014 12:32 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşına cinayət işi açılıb

Bakıda bir neçə ay əvvəl ağac aşması nəticəsində ana və azyaşlı övladının faciəli ölümü ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.


 

Bu barədə APA-ya işin istintaqını aparan, Nizami rayon prokurorunun böyük köməkçisi Mobil Şəfiyev məlumat verib.

 

Onun sözlərinə görə, iş üzrə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi stansiyasının rəisi Nurəddin Məhər oğlu Rzayev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunub. Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, məlum hadisə bu il yanvarın 11-də Nizami rayonu, Babək prospekti ilə İ. Məmmədov küçəsinin kəsişməsində qeydə alınıb. İri gövdəli ağacın oradan keçən piyadalar - 1968-ci il təvəllüdlü Nərgiz Hacıyeva və onun azyaşlı oğlu Elmar Hacıyevin üstünə aşması nəticəsində onlar hadisə yerində ölüblər.

 

Həmin fakta görə Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisənin baş vermə səbəblərini müəyyən etmək məqsədilə məhkəmə-bioloji ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007
avatar

Oxşar yazılar