Bəstəkar, əməkdar incəsənət xadimi, professor Elmira Nəzirova yanvarın 23-də İsraildə vəfat edib. Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc-a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.
Qeyd edək ki, Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulub. 1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor G. Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor B.Zeydmanın bəstəkarlıq sinfini bitirib. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs deyib. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvüdür. “Şərəf nişanı” ordeni ilə təltif edilib.
E. Nəzirovanın Fikrət Əmirovla birlikdə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert” Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olub.
E. Nəzirova yaradıcılıq işi ilə yanaşı, uzun illər Konservatoriyada dərs deyib. 1990-cı ildən İsraildə yaşayan E. Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu.
Allah rəhmət eləsin!