Lent.az-ın məlumatına görə, Gənc Tamaşaçılar Teatrında çalışan A.idrisoğlu Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Onun barəsində Xətai rayoin Məhkəməsində hakim Bəxtiyar Əliyevin sədrliyi ilə keçirilən iclasda 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 1950-ci il təvəllüdlü Mehdiyev Ağalar İdris oğlunun maliyyə piramidası sxemi ilə fəaliyyət göstərən “LNS” MMC-yə rəhbərlik etməsi haqqında bir müddət əvvəl KİV-də məlumatlar yayılıb. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsində A.İdrisoğlunun da daxil olduğu mütəşəkkil dəstə barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən dələduzluq) cinayət işinin açılmasına dair Daxili İşlər Nazirliyi məlumat yayıb. Rəsmi məlumatda göstərilir ki, Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev və s. şəxslər dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhrəmanovadan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300 dollar, Rasim Qəhrəmanovdan 1500 manat, Fərhad Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami Rayon Polis İdarəsinə aprelin 22-də ərizə ilə müraciət olub.
Bu şəxslər şəbəkə marketinqi vasitəsilə vətəndaşları aldatmaqda, onları işə düzəltmək və gəlir əldə etmək vədi ilə müxtəlif məbləğlərdə pul almaqda ittiham olunurlar.
Onu da qeyd edək ki, Ağalar İdrisoğlu 25 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət dram Teatrının, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr truppasının bədii-rəhbər və direktoru olub. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi kimi calışıb. O, Azərbaycan Yazıcılar Birliyinin və Azərbaycan teatr Xadimləri İttifaqının üzvüdür. 2013-cü ildə isə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.