Bərdədə baş verən qanlı cinayətlə bağlı yeni məlumatlar əldə etmişik. Lent.az-ın Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qurumundan aldığı xəbərə görə, həyat yoldaşını bıçaqlayan Şükürov Sevindik Şəmşir oğlu əvvəllər bir müddət polis sıralarında çalışıb, sonra bu sistemdən xaric edilib.
Onu da qeyd edək ki, bəzi KİV-lər çoxsaylı bıçaq zərbələri endirilən 30 yaşlı Anjelikanın artıq dünyasını dəyişdiyini yazırlar. Mətbuat Xidmətindən Lent.az-a bildiriblər ki, qadın ağır vəziyyətdə olsa da, hələ ki sağdır.
09:01
Bərdədə qanlı cinayət baş verib. Lent.az xəbər verir ki, dünən axşam saatlarında Bərdə rayon Əliyanlı kənd sakini, 1987-ci il təvəllüdlü Şükürov Sevindik Şəmşir oğlu yaşadığı evdə həyat yoldaşı, 30 yaşlı Anjelikaya çoxsaylı bıçaq zərbələri endirib. Hadisə evin yataq otağında baş verib və qadın ağır xəsarətlər alıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, hadisəni törədən Sevindik Şükürov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşıdır. O, inspektor vəzifəsində çalışır. Hadisədən sonra yol polisi əməkdaşı hüquq-mühafizə orqanlarına təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.