Baş Prokuorluq Gəncədə törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2006-cı ildə törədilmiş qətlin üstü açılıb.
Belə ki, şəhər prokurorluğunda Gəncə şəhər sakini Əliyeva Esmira Bağban qızının 2014-cü ilin oktyabr ayının sonlarında qəsdən öldürülməsi faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə İsmayılov Vidalət Təbriz oğlu təqsirləndirilən şəxs qismində dindirilərkən 31 may 2006-cı il tarixdə Gəncə şəhərində yaşadığı evdə keçmiş arvadı, 1977-ci il təvəllüdlü Əsgərova Rəna Arif qızını qəsdən öldürərək həmin ünvanda torpağa basdırdığını bildirib.
Həmin məlumat əsasında bu gün - fevralın 18-də şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs V.İsmayılovun ifadəsində göstərdiyi yer qazılaraq oradan parçaya bükülmüş vəziyyətdə insan meyiti aşkar edilərək çıxarılıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təqdim edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Yerli hüquq-mühafizə orqanlarından APA-nın qərb bürosunun verilən məlumata görə, ötən ilin dekabrın 19-da həyat yoldaşı, 1985-ci il təvəllüdlü Esmira Bağban qızı Əliyevanı qətlə yetirdiyinə görə həbs edilən şəhər sakini, 1963-cü il təvəllüdlü Vidalət Təbriz oğlu İsmayılovun daha bir qətl törətdiyi aşkarlanıb. Məlumata görə, V. İsmayılov 2006-cı ildə 2-ci həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Akif qızı Əsgərovanı da qətlə yetirərək Gəncə çayının sahilində yerləşən həyətyanı sahəsində basdırıb. Hazırda hüquq-mühafizə orqanları meyitin basdırıldığı ərazidə araşdırma aparırlar.
Qeyd edək ki, V. İsmayılov 2014-cü ilin oktyabr ayında 3-cü həyat yoldaşı Esmira Əliyevanı şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb.