Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində baş vermiş avtobus qəzası nəticəsində yaralanan şəxslərin adı məlum olub. Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, qəzadan sonra xəstəxanaya 4 nəfər gətirilib. Bunlar 1959-cu il təvəllüdlü Əhmədov Teyyub Əsgər oğlu, 1966-cı il təvəllüdlü Abbasov Famil Yavər oğlu, 1957-ci il təvəllüdlü Əliyev Alim Səfəralı oğlu və 1977-ci il təvəllüdlü Səmədov Ramindir.
1950-ci il təvəllüdlü Rza Ramazanov Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna yerləşdiriliblər. 25 yaşlı Seyfəddin Buzumova və 23 yaşlı Abbas Vəliyevə isə hadisə yerində ilkin yardım göstərilin və evə buraxılıblar.
Qəzada avtobusun sürücüsü 1978-ci il təvəllüdlü Allahverdiyev Füzuli Əziz oğlu və Qəhrəman adlı şəxs isə ölüb.
*****
13:09
Bu gün səhər saatlarında Şıxov yolunda qəzaya uğrayan 120 saylı, 10 TF 869 dövlət nömrə nişanlı avtobus Bakı şəhərində fəaliyyət göstərən “Transqeyt” MMC-yə məxsus olub. Lent.az-ın məlumatına görə, şirkətin şöbə müdiri Nurəddin İsmayılovun anspress-ə verdiyi məlumata görə, qəza nəticəsində avtobusun sürücüsü, 1973-cü il təvəllüdlü Füzuli Əziz oğlu Haqverdiyev və avtobusda olan sərnişinlərdən bir kişi dünyasını dəyişib. Qəza nəticəsində 5 nəfər ağır yaralanıb. Lakin hadisə şahidləri Anspress-ə açıqlamalarında qəzada 9 nəfərin yaralandığını deyir. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qəzadan öncə 120 saylı avtobusun qarşısında evakuator olub. Sürücü ara məsafəsi saxlamayıb. Evakuator qəfil dayanıb və nəticədə avtobusun sürücüsü dönmək istəyib. Lakin dönmə əməliyyatını düzgün yerinə yetirməyib və avtobus yoldan çıxıb. Avtobus beton çəpəri aşaraq, ağaca çırpılıb. Nəticədə avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Sürücü və öndə dayanan sərnişin hadisə yerində ölüb.
Nurəddin İsmayılovun sözlərinə görə, sürücünün sürücülük vəsiqəsi D kateqoriyalı olub. Avtobus dünən təmirdən çıxıbmış. Avtobusda heç bir texniki nasazlıq olmayıb. Sürücü də peşəkar olub və səhhətində heç bir problem olmayıb. Sürücü dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün qəzaya uğrayıb.
*****
12.06
Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində baş vermiş avtobuus qəzası ilə bağlı bəzi məqamlar aydın olub. Lent.az-ın hadisə yerində olan polis nəfərindən aldığı məlumata görə, qəza nəticəsində 120 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü hadisə yerindəcə keçinib. Yaralanan sərnişinlərdən biri isə xəstəxanada dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, sürücünün üzərində hər hansı sənəd olmayıb. Bu səbəbdən də onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Hadisə nəticəsində yaralanmış şəxslər Kliniki Tibbi Mərkəzə gətirilib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Otqay ŞahmalıyevLent.az-a bildirib ki, qəza nəticəsində yaralanmış şəxslərdən 3-ü Kliniki Tibbi Mərkəzə aparılıb. Digər bir nəfər isə Travmatologiya İnstituna yerləşdirilib. Hər 4 nəfər kişidir. Onların vəziyyətini qiymətləndirmək hələlik mümkün olmayıb.
*****
12:01
Bakıda sərnişin avtobusu ağır qəza törədib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.
120 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək yol kənarında olan “Ramada” hotelin hasarına çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.