ANAMA-nın yaradılmasından 15 il ötür
18 iyul 2013 14:05 (UTC +04:00)

ANAMA-nın yaradılmasından 15 il ötür

Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasından 15 il ötür. APA-nın məlumatına görə, ANAMA-nın yaradılması Azərbaycanda mina və Partlamamış Hərbi Sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub.

 

Hazırda ANAMA tərəfindən Azərbaycan ərazisində minatəmizləmə əməliyyatları tam olaraq yerli heyət tərəfindən həyata keçirilir. Eyni zamanda Agentlik tərəfindən Gürcüstan, Türkiyə, Tacikistan, Əfqanıstan kimi ölkələrdən heyətlər üçün təlim və treninqlər təşkil olunur.

 

ANAMA-nın yaydığı məlumata görə, hazırda Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri mina təhlükəsinə dair maarifləndirmədir (MTM). MTM üzrə dərslər 24 rayonda 3135 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hazırda bu kurs 52 000 şagirdi əhatə edir və növbəti illərdə də bunun davam etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı Azərbaycan Hökumətinin tapşırığına əsasən Əfqanıstana qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində MTM üzrə şagirdlər üçün 24000 ədəd, müəllimlər üçün 1500 ədəd vəsait çap edilərək çatdırılıb.

 

ANAMA həmçinin Azərbaycandan kənarda – Türkiyədə minatəmizləmə əməliyyatlarında iştirak edib. 2010-ci ildən bu günədək ANAMA, Türkiyə ərazilərində Humanitar Mina Aksiyasında rolunu təmin etməklə bərabər Türkiyənin “Nokta” , ROKETSAN və “Kayaoğlu” şirkəti ilə müqavilə əsasında fəaliyyət göstərib. Makina və Kimya Sənayesi Qurumunun (MKE) mütəxəssislərinə çoxsaylı təlimlər keçirib.

 

Ümumilikdə indiyədək Agentlik tərəfindən ölkə ərazisində 229 231 517 kvadratmetr ərazi təmizlənib. Əməliyyatlar zamanı 683 616 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

Oxşar yazılar