Ali Məhkəmədə AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin kassasiya şikayəti üzrə məhkəməsi təxirə salınıb.
Lent az-ın məlumatına görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb A.Abdullayevin məhkəmə iclasında iştirak etməməsi olub. Proses iyunun 10-na təyin edilib.
Qeyd edək ki, A.Abdullayev keçən il həbs edilib. O, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə istifadə edib. Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.