“Gilavar” hava-ekstrim klubu itkin düşən alpinistlərlə bağlı bəyanat yayıb. Lent.az-ın məlumatına görə, klubun bəyanatında bildirilir ki, alpinistlərin axtarışı bu gün də davam edir.
Bəyanatda qeyd edilib ki, bəzi media qurumları bu məsələ ilə bağlı yanlış məlumat yayıb. “Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırıldığı, Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik, klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Bu xəbərlərə inanmayın. Hazırda bu kimi hallarla mübarizə apara bilmirik, bu qədər insanın hiSslərindən öz reklamı üçün istifadə edənləri vicdanlarının öhdəsinə buraxırıq. Ancaq dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək".
Bəyanatda həmçinin alpinistlərin dağa icazəsiz qalxdığı barədə məlumatlara da toxunulub: Ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər".