Dünən Mingəçevir şəhərində törədilmiş dəhşətli qətlin təfərrüatı üzə çıxıb. Lent.az xəbər verir ki, 27 yaşlı Eldar Abbasovun İsmət Qayıbov küçəsindəki bərbərxanada işləyən Pərviz Axundovu qısqanclıq zəminində öldürdüyü dəqiqləşib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Pərviz Eldarın sevdiyi qadınla evlənib. Belə ki, pul yığmaq üçün Dağıstana işləməyə gedən Eldar bir müddət sonra Pərvizin onun sevdiyi qızı qaçıraraq evləndiyini eşidib. Bundan sonra o, Pərvizlə görüşmək istəyib. Lakin 34 yaşlı Pərviz söhbətə ehtiyac olmadığını deyib. Bundan sonra Eldar Abbasov Pərvizin işlədiyi yerə gələrək ona 20-dən çox bıçaq zərbəsi endirib. Yaxınlıqdakı şəxslər onları ayıra bilməyib və yalnız hadisə yerinə gələn polislərin müdaxiləsindən sonra Pərvizi xəstəxanaya göndərmək mümkün olub. Lakin o, yolda keçinib.
E.Abbasov hadisə yerində tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, P.Axundov keçən il evlənib və yenicə ata olubmuş.
******
22 oktyabr
Mingəçevir şəhər sakini amansızlıqla qətlə yetirilib.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün şəhərin İ.Qayıbov küçəsindəki bərbərxanada qeydə alınıb.
Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan 1990-cı il təvəllüdlü Eldar Abbasov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı şəhərin Molla Pənah Vaqif küçəsi sakini, 1983-cü il təvəllüdlü Pərviz Məmmədova 18 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.
Polis əməkdaşları dərhal əraziyə gedərək Eldar Abbasovu hadisənin baş verdiyi bərbərxanada saxlayaraq istintaqa təhvil veriblər. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Eldar Abbasovun subay olduğu, Pərviz Məmmədovun isə ötən il evləndiyi və bir uşaq atası olduğu bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.