Daxili İşlər Nazirliyi Masallıda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran ŞRPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.
ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
*****
10:31
Dünən Masallıda törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, axşam saatlarında Lənkəran-Boradigah yolunun Masallının Türkoba kəndindən keçən hissəsində 23 yaşlı Quluzadə Murad Əfqan oğlu 37 yaşlı İsmayılov Fariz Maşallah oğlunun sürdüyü “Volkswagen-Passat”a avtomatla 10 dəfədən çox atəş açıb. Sükan arxasında olan F.İsmayılov aldığı güllə yaralarından hadisə yerindəcə keçinib.
Hadisədən sonra M.Quluzadə silahı götürərək Lənkərana gedib və polis şöbəsinə gələrək təslim olub. O, daha sonra Masallıya gətirilib.
Bildirilir ki, qətlə yetirilmiş Fariz İsmayılov Rusiya vətəndaşıdır və lənkəranlı kriminal avtoritet “Piter Elçin”in qardaşıdır. Bu il iyun ayında Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən güllələnərək qətlə yetirilib.
****
21 dekabr
Masallı rayonunda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb.
Lənkəranın Boladi kənd sakini olan Fariz adlı şəxs naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.
Məlumata görə, hadisəni törətmiş şəxs könüllü polisə təslim olub. Onun qətlə yetirdiyi şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir.
Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.