Goranboy rayon prokurorluğu və rayon Polis Şöbəsi Dəliməmmədli qəsəbəsində baş vermiş kütləvi qətllə bağlı məlumat yayıb. Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevə və Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Həmçinin maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü R.İsmayılov tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
*****
12:39
Goranboyda baş vermiş kütləvi dava-dalaşa görə 4 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən Dəliməmmədli qəsəbə sakinləri Zülfüqar Cəbrayılov, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hatəmi və Nicat Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Zülfüqar Cəbrayılovun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri – Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Rüfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov tutulub, daha bir nəfər isə müəyyənləşdirilib. Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.