İsa Karslı – Türkiyənin ən böyük şəhəri olan İstanbulun yaxınlığındakı Kocaeli əyalətinin İzmit şəhərində yaşayır. O, Türkiyədə yeganə teatrşünaslıq nəşri olay “Tiyatro” qəzetinin yazarıdır. İki dəfə Azərbaycan vətəndaşı olan eyni qadınla evlənib, Bakıdakı Mədəniyyət və İncəsənət Universitetini bitirib. Hazırda Türkiyədədir və Bakıya buraxılmır. Gəlin, əvvəlcə İsa Karslının Azərbaycanda başına gələnlərlə tanış olaq:
“Mən Türkiyə Respublikası vətəndaşı İsa Karslı, 2008-2009 tədris ilində Türkiyədə tələbə seçmə və yerləşdirmə (ÖSS) imtahanı ilə Azərbaycan Mədəniyyət və İncesanat Universitetinin Aktyorluq fakültəsinə qəbul edildim və hazırlıq şöbəsinə yazıldım. 2009-cu ildə qabiliyyət imtahanı verərək Yüksək Təhsil Təşkilatının (YÖK) icazəsi ilə universitetə qəbul edildim və ali təhsil almağa başladım. Beş il yarımlıq təhsil həyatım Azərbaycanda xoşbəxt və dinc bir şəkildə keçdi. 10.30.2013-ci il tarixində Dövlət Miqrasya Xidmətinin tələbə olmağımla bağlı verdiyi müvəqqəti yaşamaq icazəsinin vaxtı bitdi. Magistratura təhsili almaq istəyimi bildirərək növbəti dəfə müvəqqəti yaşamaq icazəsi aldım. Bu müddətdə universitetdən diplomumu hələ almamışdım. Diplom universitetdə idi. Həmin müddətdə artıq azərbaycanlı qadınla nişanlanmışdım və müvəqqəti yaşamaq icazəmin vaxtı da bitmişdi. Ölkədən çıxmalı olduğum halda bunu etməmişdim və cərimə ediləcəyimi bilirdim.

Türkiyəli qəhrəmanımız necə Azərbaycan telekanallarının efirinə çıxdı?
Bakıda olduğum müddətdə tez-tez dostlarımla türk kafelərinə gedirdik. 11.04.2014 il tarixində - çərşənbə günü çempionlar liqası oyunu var idi. Matçı izlədikdən sonra kafedən çıxıb metroya doğru getdim. Bir neçə addım atmışdım ki, polis əməkdaşları məni dayandıraraq hara getdiyimi soruşdu. Məni kafeyə geri apararaq kafeyə baxış keçirdilər. Daha sonra bizi apardıqları idarədə izahatlarımızı aldılar. Qumar oynanan otaqda olmamağının səbəbi və baxış keçirilən əsnada kafe xaricində - yolda olmağım səbəbindən mənə yaxşı davrandılar və 2 gün sonra sərbəst buraxdılar.
İdarədə qaldığım iki gün ərzində məni qumar oynadığı irəli sürülən insanlarla bir yerdə videolentə aldılar. Həmin vaxt çəkilişin inzibati olduğu və televiziyada verilməyəcəyini dedilər. Axşam isə bütün mətbuat və telekanallar qumar oynayan şəxslər ilə birlikdə məni də xəbərlərdə göstərdi. Kafedə qumar oynana otaqda heç vaxt olmamağıma baxmayaraq, əllərində hər hansı dəlil-filan olmadan məni mətbuat orqanlarında digərləri ilə birlikdə günahkar kimi təqdim etdilər. Təxminən 25 gün sonra isə televiziyada göstərilən hər kəsi miqrasiya idarəsinə çağırdılar. 10 nəfəri həbs etdilər. Məni və ofisiantı isə qumar oyunlarına qarışmadığımıza görə deportasiya elədilər”.
İsa Karslı deportasiya prosesinin həyata keçirildiyi vaxtı belə xatırlayır: “Bizi əvvəlcə Ayna Sultanovadakı idarəyə apardılar. Səhərə qədər orda qaldım. Məndən başqa Çin və Özbəkistan və tanmadığım Türkiyə vətəndaşları vardı. Sabah səhər 10 oldu. Bir polis yanıma gəlib cəriməni ödəyəcəyim halda Bakıda qala biləcəyimi dedi və telefonumu verdi. Mən də dostuma zəng etdim. Günortaya kimi gözlədik, amma gəlib çıxmadı. Bu səbəbdən də məni buraxmadılar. Sonra kamera ilə iki nəfər gəldi. Bizə suallar verib çəkiliş etdilər. Yaşayış yerimizi, yaşayış şərtlərini, fəaliyyətimizi soruşdular. Sonra bir sənəd gətirdilər və imzalamamızı söylədilər. Saat 13 radələrində bizi çölə buraxıb məhbusdaşıma avtomobilinə bənzəyən avtomobilə mindirdilər. Bizi miqrantların saxlandığı yerə gətirdilər. Orda da bir neçə kağıza imza atdım. Bir növ həbsxana kimi idi. Tək nəfərlik otaqlar var idi. Otaqlarda hərəkət sensoru qoymuşdular və yataqdan duranda işıq yanırdı. Nəticədə növbətçi polis ayaqda olduğunu başa düşürdü. Bir gecə qaldım orda. Yaxşı davrandılar bizə. Bir istəyimiz olduğu zaman işçilər gedib xaricdən alıb gəlirdi. Saat 9 da yatma saatı idi. Mərkəzin bağçasında bəzi yazılar var idi - saxlanılan şəxslərin hüquqları və sair. Hətta dövlətlərarası telefon xəttindən istifadə, xarici vətəndaşların səfirliyə zəng etmə imkanları, omdusmana zəng etmək haqqının olduğu qeyd edilmişdi. Lakin onların heç birindən istifadə edə bilmədik. Mən şəxsən səfirliyə zəng eləmek istədim, icazə verilmədi. Şəxsi telefonum alındığı üçün kimsəyə xəbər verə bilmədim. Axşam rəis gəldi, soruşduq ki mənim burada nə işim var. Viza pozulması etdiyimi dedi və problem olmadığını, giriş-çıxış etmək lazım olduğunu bildirdi. Axşam telefonumu gətirdilər, bir yaxınımı axtarıb bir neçə əşya gətirməsini istədim. Türkiyəyə gedib-qayıdacağımı düşünürdüm. Məni arxayın etdilər ki, Türkiyəyə gedib rahat qayıda bilərəm. Beləliklə məni hava limanına apardılar. Mənə təyyarə bileti də almışdılar, eyni zamanda cəriməmi də ödəməmişdim. Polis məni ölkədən çıxış etdirib pasaportumu mənə verdi. Çıxış möhürü yerində idi və mən İstanbula getdim. Daha sonra qayıtmaq istəyəndə isə məlum oldu ki, Azərbaycandan 5 il müddətinə deportasiya edilmişəm”.
Azərbaycan vətəndaşı olan eyni qadınla iki ölkədə evlənməli olub
Türkiyəli yazar Azərbaycana qayıda bilmədiyinə görə nişanlısı ilə öz ölkəsində evlənməli olub: “Mənim diplom işlərim yarımçıq qalmışdı. Miqrasiya Xidmətinə vəkil yolladım. Haqqımda verilən deportasiya edilmək qərarını ona vermədilər. Vəkilim notariusda təsdiqlənmiş və Azərbaycan dilinə tərcümə edilmiş vəkalətnamə təqdim etsə də, ona sənədi vermədilər. 1 ay ərzində cavab gəldi ki, mənim yaxın qohumum gəlib qərarı ala bilər. Mənim isə Azərbaycanda yaxınım yox idi. Bir nişanlım idi, onunla da rəsmi evli deyildik. Beləcə bir neçə ay gözləməli oldum. Daha sonra Türkiyədə nişanlımla evləndim. O, Azərbaycana qayıdandan sonra Miqrasiya İdarəsinə getdi və deportasiya haqqında qərarın ləğv edilməsi ilə bağlı müraciət etdi. Lakin orada xanımıma deyildi ki, yalnız 5 illik cəza müddəti bitəndən sonra mən Azərbaycana gələ bilərəm. Lakin həyat yoldaşıma Azərbaycandan hansı səbəbdən deportaiya edilməyimlə bağlı rəsmi cavab verilmədi”.

Bütün bunlara baxmayaraq İsa Karslının qısa müddətdə Azərbaycana qayıtmaq arzusu reallaşıb. Bu işdə ona vəkili kömək edib: “Vəkilim dedi ki, Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev humanist insandır və onun qəbuluna düşmək lazımdır. Beləliklə həyat yoldaşım Firudin müəllimin qəbuluna düşdü və o, mənim haqqımda verilən qərarı ləğv etdi. 21 yanvar 2015-ci ildə Azərbaycan vətəndaşı ilə evləndim və 17 mart 2015-ci ildə tarixində cəriməmi ödəyərək Azərbaycana gəldim. Mənə dedilər ki, 10 gün müddəti daxilində qeydiyyata düşməliyəm və 27 mart tarixində miqrasiya idarəsinə getdim. Burada dedilər ki, Azərbaycana gəldiyin gün də hesablanır və növbəti dəfə 301 manat cərimələnməklə qeydiyyatdan keçdim”.
Tiflisə getməyin ağır cəzası...
İsa Karslı həyat yoldaşının Türkiyəyə köçmək istəməməsi səbəbindən Bakıda yaşamağa və burada kafedə işləməyə başlayıb. Və o, növbəti dəfə icazə verilən vaxtı dolduraraq Azərbaycanda qalıb və ölkədən çıxış-giriş edərək burada yaşamaqda davam etməyə çalışıb: “16 İyun 2016-cı il tarixində Heydər Əliyev havalimanında bank filialına 401 manat cəriməni keçirdim. Elə oradaca şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamənin sürətlərini təqdim etdim. Saat 19.30-da isə Bakı-Tbilisi təyyarəsinə minib ölkədən çıxdım. Elə həmin təyyarə ilə Tiflisdən 01.00-də Bakıya geri gəldim. Lakin aeroportun sərhədində məni Azərbaycana buraxmadılar. Səlahiyyətlilərə evlilik sənədimi göstərəndə, mənim Azərbaycana girişimə qadağan qoyulduğu deyildi. Təxminən 17-18 saat hava limanında qaldım. Mənə bildirildi ki, deportasiya edəcəklər, lakin Azərbaycan vətəndaşı ilə evli olduğum üçün hörmət eləyib təyyarə biletimi almağım halında Türkiyəyə göndərəcəkləri dedilər. Son pulumla özümə bilet aldım və məni 17 iyun 2016-cı ildə saat 18.50-də Bakı-İstanbul təyyarəsiylə Türkiyəyə göndərdilər”.
Bu yerdə bildirək ki, İsa Karslı Azərbaycandan növbəti dəfə deportaiya edilərkən qanunun tələb etdiyi bir çox məsələlər nəzərə alınmayıb. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilir:
79.6. Kənara çıxarma haqqında qərarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əsaslandırılmalıdır.
79.7. Barəsində kənara çıxarma haqqında qərar qəbul olunmuş şəxs həmin qərarla tanış edilməli və qərarın bir nüsxəsi ona təqdim olunmalıdır. Əgər həmin şəxs Azərbaycan dilini bilmirsə, bu prosesdə tərcüməçinin iştirakı təmin olunmalıdır."
80.3. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qanunla müəyyən olunmuş qaydada könüllü olaraq müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilə bilərlər.
80.7. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən biometrik identifikasiya tələblərinə uyğun olaraq əl-barmaq izləri götürülür.
Beləliklə məlum olur ki, İsa Karslının Azərbaycana girişinə qadağa qoyulması üçün ilk əvvəl onu deportasiya etməli idilər. Və deportasiya qərarının çıxarılmasında o da iştirak etməli idi. Onun həyat yoldaşının Azərbaycan vətəndaşı olması nəzərə alınmaqla, İsa Karslının cəriməni ödəməsindən sonra Azərbaycanda yaşaması leqallaşdırılmalı idi.
Məhkəməyə müraciət etmək üçün hansı əsaslar var?
Tanınmış hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə Qrupun üzvü Sahib Məmmədov hesab edir ki, bu vəziyyətdə İsa Karslının vəkili qərarın 3 əsas epizodu əsas götürərək qərarın ləğvi ilə bağlı Azərbaycanda İnzibati-İqtisadi Məhkəməyə müraciət edə bilər: “Birincisi şəxsin Azərbaycan vətəndaşı ilə rəsmi nikahda olmasıdır. İkincisi protokol şəxsin iştirakı olmadan tərtib edilib və üçüncüsü qərar ona təqdim edilməyib. Yəni miqrantın həm hərəkətdən həm də hərəkətsizlikdən şikayət etməklə bağlı kifayət qədər əsasları var. Hesab edirəm ki, bu məsələnin məhkəmə perspektivi var və bununla yaxşı məhkəmə praktikası da yaratmaq olar”.

İndi isə lap əvvələ qayıdaq. İsa Karslının günahı sübuta yetirilmədən televizyada göstərilməsi nə dərəcədə qanunauyğundur? Miqrant bununla bağlı hansı hüquqlara malikdir? Hüquqşunas İlham Rəhimov hesab edir ki, İsa Karslının kütləvi informasiya vasitələrində onun barəsində şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildiyi halda özünün və ya nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ var: “Başqa sözlə, hüququnun pozulduğunu hesab edən şəxs onun bərpa edilməsi üçün öz iradəsindən asılı olaraq kütləvi informasiya vasitəsinə və ya bilavasitə məhkəməyə müraciət edə bilər. O, bu məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirə bilmədikdə, bu məlumatları yaymış həmin kütləvi informasiya vasitələrində təkzib edilməlidir. Eyni zamanda, İsa Karslının məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da vardır. Lakin, bir məsəliyə toxunmağı vacib hesab edirəm. Belə ki, təkzib, cavab və düzəliş verilməsi qaydası “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu ilə tənzimlənir. Bu qaydalara əsasən məlumatın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddətin keçməsi halı təkzibdən imtina üçün əsasdır. Bundan başqa, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin, şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaya görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulur. Belə olan halda, İsa Karslı xüsusi ittihamçı qismində çıxış edərək məhkəməyə şikayətlə (xüsusi ittihamla) müraciət edə bilər. Məhkəmə isə cinayət işinin yekununda məlumatı yayan şəxsin barəsində ittiham və ya bəraət hökmü çıxara bilər”.
Azərbaycan vətəndaşı ilə evli olmağın üstünlükləri
İsa Karslının Azərbaycana qayıtması və burada daimi yaşamaq icazəsi alması da məhkəmə yolundan keçir. Hüquqşünas İlham Rəhimov bildirir ki, Türkiyə vətəndaşı ilk növbədə özü və ya nümayəndəsi vasitəsi ilə “Kənara çıxarma haqqında” qərardan məhkəməyə şikayət verməlidir: “Belə ki, qanunvericilik “Kənara çıxarma haqqında” qərardan məhkəməyə şikayət vermək hüququnu nəzərdə tutur. Şikayəti əsaslı olduqda və ləğv olduqda onun 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə qoyulmuş məhdudiyyətdə götürüləcəkdir. Bundan sonra o, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almaq üçün Miqrasiya Xidmətinə müraciət etməlidir. Onun yaxın qohumunu, bizim halda arvadının Azərbaycan Respublikasının vətəndaşı olması hallı müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsasdır. Müvəqqəti icazə 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti uzadıldıqda, vəsiqə yenisi ilə əvəz edilir. Müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış müddətin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Məhz, bundan sonra, azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər. Bu icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Həmin vəsiqə Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. Onu da qeyd edim ki, həm müvəqqəti, həm də daimi icazələrin verilmədiyi hallar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində sadalanmışdır”.

Hüquqşünas Ramil Süleymanov isə hesab edir ki, İsa Karslıya qarşı olunan bu hərəkət ciddi şəkildə Miqrasiya Xidmətinin daxili araşdırma qurumu tərəfindən araşdırılmalıdır. Çünki, əgər şəxs Azərbaycan Respublikasının vətəndaşı ilə evliliyini təsdiq edən sənəd təqdim edirsə, bu zaman miqrasiya xidməti əməkdaşlarının əməlində birbaşa qərəz görünür və bu da araşdırılmalıdır: “Şəxs bildirmişdir ki, o, mütəmadi olaraq arvadı olan Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikahda olmuşdur və bunun əsasında da yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Qanuna görə yəni, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.14-cü maddəsinə əsasən İsa Karslıya işləmək üçün icazə tələb olunmurdu. Həmçinin şəxs ölkədən kənara çıxarkən qərar təqdim edilməli idi. Fikrimcə Miqrasiya əməkdaşlarının qəbul etdiyi qərar 16.1.8-ci maddəsinə əsaslanmaqla qəbul edilmişdir. Həmin maddəyə görə şəxs son 3 il ərzində iki və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə onun Azərbaycan Respublikasına gəlməsinə qadağa qoyulur. Bu da 16.2-ci maddəyə əsasən 5 il müddətinə tətbiq edilir. Bununla belə Miqrasiya Məcəlləmizin 79.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərarla əcnəbi və vətəndaşlığı olmayan şəxslərə 5 ilədək müddətə qoyulur. Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbiyə qarşı tətbiq edilən bu cəza düşünürəm ki, hədsiz dərəcədə ağır seçilmiş və heç bir izah edilməyən bir cəzadır. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, İsa Karslının hüquqları kobudcasına pozulmuşdur. Belə ki, kənara çıxarılma və ya ölkəyə gəlməsinə məhdudiyyət qoyulmuş şəxsə inzibati qərar təqdim edilməli idi. İnzibati qərarın şəxsə təqdim olunması özlüyündə eyni zamanda həmin inzibati qərardan 10 gün ərzində rəsmi qaydada şikayət etmək hüququnu da özündə ehtiva edir. Beləliklə nəticə çıxarmaq olar ki, İsa Karslının şikayət vermək hüququ da pozulmuşdur və onun məhkəməyə çatımlılığı mümkün olmamışdır”.
Bu arada qeyd edək ki, Azərbaycan Respublikası Avropa İnsan Haqqları Konvensiyasını ratifikasiya edən ölkələr sırasındadır. Bu da o deməkdir ki, konvensiyanın müddəaları birbaşa ölkə ərazisində keçərlidir. Ramil Süleymanovun sözlərinə görə, bu prizmadan yanaşaraq qeyd etmək zəruridir ki, inzibati orqanın bu qanunsuz davranışı şəxslərin - İsa Karslı və həyat yoldaşı olan Azərbaycan Respublikasının vətəndaşının konvensiya ilə qorunan 8-ci maddəsinin “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” təsir dairəsinə düşən hüquqlarına birbaşa müdaxilədir və bununla bağlı da Avropa İnsan Huquqları Məhkəməsinin kifayət qədər presedent qərarları var ki, şəxslərə qarşı olunmuş bu tip davranışlar pozuntu hesab olunmuşdur və dövlətlər sonradan buna görə kompensasiya ödəmək məcburiyyətində qalmışlar: “Ümumiyyətcə bir hüquqşünas olaraq bildirmək istərdim ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Belə ki, miqrasiya siyasətinin sərtləşdirilməsinə rəğmən qanunvericiliyin də son dərəcə elastiki olması tələb olunur. Amma bir şeyi unutmaq olmaz ki, qəbul ediləcək istənilən qanun mütləq şəkildə əsas insan hüquq və azadlıqlarını pozmamalıdır, hansı ki, barəsində danışdığımız keysdə bir başa təməl hüququn pozuntusu görünməkdədir”.
Hüquqşünas İsa Karslının bundan sonra ata biləcəyi addımlara da toxunub və onun həyat yoldaşının bir daha Miqrasiya Xidmətinin rəisinin rəsmi qəbulunda olmasını məsləhət görüb: “Bir daha ona vətəndaş kimi müraciət edərək əri olan Türkiyə Respublikası vətəndaşı İsa Karslının barəsində qəbul edilmiş qərarın ləğvini xahiş etsin. Ümid edək ki, cənab Firudin Nəbiyev gənclərin qovuşmasına səbəb ola biləcək qərar qəbul edəcəkdir. İsa Karslı isə ölkəyə yenidən qayıtdıqdan sonra hər şeyə rəğmən ölkə qanunlarına riayət etməklə rəsmi qaydada qeydiyyata düşməklə Azərbaycan Respublikasında yaşamağa başlayacaqdır. Bütün bunlar baş verməyəcəyi təqdirdə belə məsələnin məhkəmə müstəvisinə çıxarılması məsələsi gündəmə gələ bilər və hüquqların bərpasına bu yolla nail olmaq olar. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Konstitutsiyasının 25-ci maddəsinə görə hamı məhkəmə və qanun qarşısında bərabərdir.
Miqrantla ailə qurmağın gələcəkdə yarada biləcəyi əsas problemlərdən biri dünyaya gəlmiş uşağın atasını və ya anasını uzun müddət və ya ömür boyu görə bilməməsi riskidir. İsa Karslının da yeni doğulmuş övladı dünyanı dərk edəndə atasını yəqin ki, xeyli müddət görməyəcək. Maraqlıdır ki, gənc teatrşünasın övladı bir müddət sonra atasını görə bilmədiyinə görə Azərbaycan dövlətini məhkəməyə verə bilərmi? Hüquqşünas İlham Rəhimov bu perspektivi də mümkün sayır: “Çox maraqlı sualdır. Ümumiyyətlə istənilən şəxsin başqalarına qarşı pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Konkret bu suala və kazusa gəldikdə isə, hesab edirəm ki, ilk növbədə İsa Karslının bununla bağlı məhkəmə mübahisəsi Azərbaycan Dövləti ilə deyil, müvafiq icra hakimiyyəti orqanı (Miqrasiya Xidməti) ilə Azərbaycan Respublikasının daxili məhkəmələrində həllini tapmalıdır. Yekun məhkəmə instansiyasının (Ali Məhkəmənin) qərarından sonra isə, narazı qaldığı halda, İsa Karslı şikayət verərək, ölkə daxilində çıxarılmış qərarları Avropa İnsan Haqları Məhkəməsində mübahisələndirə bilər. Belə olan halda, həmin məhkəmədə cavabdeh tərəf Azərbaycan Respublikasının dövləti çıxış edəcəkdir”.
3 ildə 2 dəfə məsuliyytə cəlb edilməyin nəticəsi
İsa Karslının müraciətini diqqətlə araşdıran hüquqşünas onun miqrant kimi məsuliyyətsiz və intizamsız olması qənaətindədir: “Digər tərəfdən, qeyd etmək istəyirəm ki, qanun hamı üçün birdir və İsa Karslının əsaslandırdığı hallardan görünür ki, o, 1-ci dəfə 2014-cü ilin aprel ayında inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərar sonradan ləğv edilsə də, 27 mart 2015-ci il tarixdə qeydiyyat qaydalarını (müddəti) pozduğuna görə inzibati qaydada 300 manat miqdarında cərmələnmişdir. Bundan sonra, 16 iyun 2016-ci il tarixdə ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırtdığı üçün yenidən inzibati məsuliyyətinə cəlb edilmiş və 400 manat cərimə ödəmişdir. İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 yüz manatadək məbləğdə cərimə edilir. Kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur. Ola bilər ki, Karslı barəsində inzibati qərar çıxarılarkən ona, məhz, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla 400 manat məbləğində cərimə kəsilmişdir. Bununla yanaşı, göründüyü kimi, İsa Karslı son üç il ərzində ən azı iki dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu hal isə, qanunvericilikdə nəzərdə tutulduğu kimi, onun Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağan üçün əsasdır. Beləliklə, Azərbaycan Dövlətinin İsa Karslıya qarşı yönələn hərəkətlərinin birmənalı olaraq qanunazidd olmasını demək çətindir”.

Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmıtinəı verdiyimiz sorğuya cavab ala bilmədiyimizdən, mayın 4-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşü və bu görüşdə Türkiyə vətəndaşlarının Azərbaycandakı hüquqlarının qorunması məsələsi də müzakirə edilməsini diqqətə çatdırmaqla kifayətlənirik. Görüşfə səfir iki ölkə arasında əlaqələrin, o cümlədən miqrasiya sahəsində ölkəsinin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. Həmçinin miqrasiya qanunvericiliyi, miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Miqrasiya hüququ: qanunvericilik və təcrübə ” mövzusuna dair müsabiqəsinə təqdim edilir.