"Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apellyasiya şikayəti ilə bağlı məhkəmə davam edib.
Lent.az-a bu barədə vəkil Cavid Rzazadə məlumat verib.
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxartdığı höküm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, keçən il aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
Sənan Quliyev və Mövlüd Səfərovun hər birini Cinayət Məcəlləsinin 8 maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib.