"Azərbaycan bir sabitlik adasıdır"
05 sentyabr 2013 00:20 (UTC +04:00)

"Azərbaycan bir sabitlik adasıdır"

Cəmiyyətdə ölkəmizin xarici, daxili, iqtisadi siyasəti ilə bağlı heç bir fikir ayrılığı yoxdur. APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Cəlilabadda tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

 

“Cəmiyyətin bütün üzvləri qlobal, ümumi istiqamətlər üzrə bir fikirdədir - ölkəmizi daha da gücləndirməliyik, beynəlxalq mövqelərimizi gücləndirməliyik, daxili inkişafı bundan sonra da təmin etməliyik ki, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan dövləti daha da qüdrətli olsun. Azərbaycan dövlətinin gücü hər bir vətəndaşa xidmət göstərir. Eyni zamanda, hər bir vətəndaşın öz doğma Vətəninə olan sevgisi, onun əməyi dövlət gücümüzü artırır. Bütün bu işlər bir-biri ilə sıx bağlıdır”, - deyə dövlət başçısı vurğulayıb.

 

İlham Əliyev qeyd edib ki, Azərbaycan böhranlı illərə baxmayaraq, öz iqtisadi inkişafını təmin edib və artırıb. Prezidentin sözlərinə görə, bunun səbəbi düşünülmüş, xalqın rifah halının yaxşılaşdırılmasına yönəlmiş siyasət və xalqla iqtidar arasında olan birlikdir:

 

“Budur, bizim uğurlarımızın əsas sirləri. Çünki bəzi hallarda xarici qonaqlarla söhbət əsnasında sual verilir ki, necə olur, hər yerdə vəziyyət başqa cürdür, sizdə isə inkişafdır. Bunun sirri nədir? Yenə də deyirəm və hesab edirəm ki, bunun əsas sirri xalqla iqtidar arasında olan birlikdir, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid mövqeyin mövcudluğudur. Bizim ətrafımızda demək olar ki, müxtəlif yerlərdə vəziyyət artıq çox gərginləşib, alovlanır. Azərbaycan isə bir sabitlik adasıdır. Azərbaycan bölgədə də sabitləşdirici rol oynayır. Yəni, bizim sabitliyimiz bölgəyə də müsbət təsir göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431
avatar

Oxşar yazılar