Günün ikinci yarısında davam edən prosesdə prokuror ittiham aktını elan etməyə davam edib. Lent.az-ın məlumatına görə, ona qarşı verilən ittihama münasibət bildirən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov özünü qismən təqsirli bildiyini deyib.
Həmin İB-nin baş mühasibi olmuş Anar Mustafayev də rəisi kimi özünü qismən təqsirli bildiyini söyləyib. “Təmir Təchizat Servis” və " Bakı Rabitə Təmir Tikinti" MMC-lərin direktoru Bayram Vəliyev də elan olunan ittihamla özünü qismən təqsirli bildiyini deyib.
Hakim bildirib ki, Vergilər Nazirliyi sizin barənizdə 255 minlik mülki iddia qaldırıb. Bayram Vəliyev ona qarşı qaldırılan mülki iddianı qəbul etdiyini söyləyib: "Bilirəm, müəyyən ödənişlər edilib".
Prokuror Fərid Nağıyev qeyd edib ki, dəymiş ziyan qismən ödənilib. “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov da digərləri kimi özünü qismən təqsirli hesab edib. "Aztelekom" MMC-in baş direkoru Məhəmməd Məmmədov isə ona qarşı verilən ittihamları qəbul etmədiyini və təqsirli bilmədiyini deyib. M. Məhəmmədovun idarəsində baş mühasib çalışmış Oqtay Rüstəmov rəisi kimi özünü tam təqsirsiz hesab edir. "Optik Qurğular" idarəsinin sabiq rəisi Naməzəli Məmmədov da eyni qaydada ona qarşı verilən ittiham üzrə özünü təqsirli bilməyib. Prosesdə noyabrın 28-ə qədər fasilə elan edlib.
12:55
Prosesdə hakim bildirib ki, Vergilər Nazirliyi təqsirləndirilərə qarşı 255 min manatlıq mülki iddia qaldırıb.
Bundan sonra təqsirləndirilən Sərhab Bağırovun vəkili Vidadi Məmmədov vəsaətət verərək müdafiə etdiyi şəxs barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Vəsatət təmin edilməyib.
Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov vəsatət verərək deyib ki, Vidadi Zeynalov məhkəmədə təqsirləndirilən şəxslərin hamısı ifadə verəndən sonra dindirilməsini istəyib.
Hakim bildirib ki, o mərhələyə çatanda bunu müzakirə edəcəklər.
Məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama aktına münasibət bildirən Vidadi Zeynalov özünü təqsirli bilmədiyini deyib.
Prosesdə fasilə elan edilib.
**
11:09
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin istintaqı başlayır.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əfqan Hacıyev sədrlik edəcək. Prokuror bu gün ittiham aktını elan edəcək.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.