4 nəfərin öldüyü olayla bağlı cinayət işi açıldı - RƏSMİ
24 oktyabr 2014 12:05 (UTC +04:00)

4 nəfərin öldüyü olayla bağlı cinayət işi açıldı - RƏSMİ

Neft meydançasında baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

 

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N. Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

 

Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.

 

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib.

 

Baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda tapılaraq sahilə çıxarılıb.

 

İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir. 

# 1245
avatar

Oxşar yazılar