Bir müddətdir ki, mətbuatda Xətai rayonu ərazisində yaşayan 1980-cı il təvəllüdlü Seymur Şahin oğlu Səmədovun itkin düşməsi ilə bağlı xəbərlər dolaşır. Dünən onun atası Ş.Səmədovu arayıb oğlunun itkin düşməsi ilə bağlı təfərrüatları öyrəndik. Qeyd edək ki, S.Səmədov ötən il dekabrın 18-də yaşadığı Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi ev 41 “b” ünvanından çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat veriblər. Amma bu günə kimi S.Səmədovdan soraq yoxdur. İl yarım əvvəl ailə həyatı qurmuş S.Səmədovu “gördüm” deyən yoxdur.
“46 gündür ki, oğlum yoxdur. Azərbaycan Sənaye Bankının ”Mətbuat" (Həsən bəy Zərdabi prospekti 78) filialında işləyirdi. Dekabrın 12-də məzuniyyətə çıxmışdı. Dekabrın 17-də axşamüstü 17:30 radələrində telefonuna zəng gəldi ki, hansısa sənədin dublikatını çıxarmaq lazımdır. Oğlum da dedi ki, “məzuniyyətdəyəm, mən niyə gəlib qol çəkməliyəm, niyə mənə dəxli olmayan məsələyə görə gəlib qol çəkməliyəm”. Biz də dedik ki, “ay oğul, get, qol çək, çörək qazandığın yerdir, narahat olma”.
Dekabrın 18-də səhər 10-da yuxudan oyatdım ki, dur, işə get. Həmin gün biz hamımız işdə olmuşuq, o evdə tək olub. 10-dan sonra evdən çıxıb. 1-ə 12 dəqiqə qalmış ona zəng elədim. Həmin saatdan bu günə kimi oğlumun telefonuna zəng çatmır".
Şahin Səmədov deyir ki, oğlunu işə çağıran bankın filial müdirinin müavini Elçin müəllim olub: “Oğlum filialda kredit mütəxəssisi idi. O, kreditin buraxılmasına qol çəkirdi. Vəzifəcə bankda 3-cü şəxs idi. Elçin müəllim onu baş ofisə (Səbayel rayonu, Zərifə Əliyeva küçəsi 3) göndərəndə oğlum narazılıq etdi ki, həmin sənədə qol çəkmək onun səlahiyyətində deyil. Hansısa əcnəbinin kredit kartının dublikatının verilməsi üçün onu baş ofisə göndərirdilər. Oğlum da bundan giley-güzar edirdi. Bildiyim qədər sənədə qol çəkmək onun səlahiyyətində deyildi. Seymur həmin filialda 4 ildir ki işləyir, işində hansısa problem olmayıb”.
Ş.Səmədov deyir ki, oğlu 10 ildir ki, bank sektorunda çalışır, ayrı-ayrı banklarda - Dəmir Bank və Bank of Baku-da işləyərkən də işində hansısa nöqsanlar olmayıb: “Həmin gün evdən çıxmazdan əvvəl paltarını dəyişib, üzünü taraş edib. Siqaretini, dəsmalını, evin açarını və 10 manat pul götürərək çıxıb. Oğlum işinə çox məsuliyyətlidir”.
“Oğlunuzun itkin düşməsi ilə bağlı gümanınız, düşüncəniz varmı” sualına itkin bank işçisinin atası belə cavab verdi: “Oğlumun itkin düşməsi ilə bağlı məni prokurorluğa çağırmışdılar. Orada da dedim ki, əgər oğlumun bankla bağlı hansısa işi varsa, qaçıb gizlənmək niyyəti olubsa niyə evdən çıxanda 10 manat götürüb? Bu məsələdə bir nəticəyə gələ bilmirəm”.
“Oğlunuzun son vaxtlar həyat tərzində dəyişiklik vardımı? Məsələn, bahalı nəsə almışdımı” sualına Ş.Səmədov “xeyr, heç onun maşını belə yox idi” cavabını verdi. Həmçinin dedi ki, işə qardaşının maşını ilə işə gedib gəlirdi: “Yolları eyniydi deyə qardaşı onu işə aparıb gətirirdi”.
Atası deyir ki, Seymuru dekabrın 14-də məzuniyyətdə olduğu vaxtda onu işə çağırmışdılar: “Hansısa maşını girovluqdan çıxarırdılar, gedib qol çəkib gəldi. İtkin düşdüyü gün məzuniyyətdə olduğundan işə qardaşı ilə getməyib. Biz bankdan da işindəki hər hansı bir nöqsanın olub-olmamasını soruşmuşuq. Oradan da deyirlər ki, onun nöqsanı olmayıb. Arada fikirləşirəm ki, həmin gün çox pis hava vardı, bəlkə nəqliyyat hadisəsinin qurbanı olub. Bütün morqları, xəstəxanaları gəzmişəm. Oğlumu tapa bilməmişəm”.
Şahin Səmədovdan oğlunun itkin düşməsi ilə bağlı araşdırmaları hansı qurumun apardığını xəbər aldıq.
Dedi ki, Xətai Rayon Prokurorluğu yanvarın 28-də fakt üzrə cinayət işi başlayıb: “Oğlum Seymur Səmədovun yoxa çıxması ilə bağlı adam oğurluğu (CM-in 144.1-ci) maddəsi ilə cinayət işi başlandı. Bizim heç kimlə düşmənçiliyimiz, şəxsi qərəzliyimiz yoxdur. Bəlkə Seymur bankda kiməsə kredit verməyib, bəlkə bankda nəsə olub, amma bizə demirlər, heç özü də deməyib...
Bunu mütəxəssislər, müstəntiqlər araşdırır. Amma onlar da bir nəticəyə gələ bilmirlər".
Ş.Səmədov deyir ki, oğlunun işə getdiyi marşrut üzrə kameralardan birinin yaddaşına baxıblar: “Evimizin yaxınlığındakı ”Çağ" Öyrətim liseyinin kamerası var, ora düşüb. 11:38-də evdən çıxıb və liseyin qabağından keçib. 1-ə 12 dəqiqə qalmış mən zəng eləmişəm, zəng çatmayıb. Bu gün (dünən-E.M) 46 gündür ki, oğlumun telefonu söndürülüb, əhatə dairəsində deyil. Ona zəng etmişdim ki, öyrənim nə sənəddir ki, oğlumu ona görə məzuniyyətdə ola-ola işə çağırıblar. Bankdan soruşdum, dedilər ki, xırda bir işdir - guya hansısa əcnəbinin hesabından haradasa pul çıxarılıb, dublikat sənəd hazırlayıblar. Mən bilmirəm ki, həmin işi mənim oğlum bilirdi ya bilmirdi? Bankdan xarici vətəndaşın kimliyini soruşdum, dedilər ki, bank sirridir, deyə bilmərik. Məndən bu məlumatı açıqlamaq üçün məhkəmə qərarı istədilər. Oğlumun oğurlanmasını araşdıran müstəntiqə dedim ki, sən sorğu ver, baxaq o xarici kimdir, mənim oğluma nə aidiyyatı var. Müstəntiq də deyir ki, həmin məlumat bank sirridir, sorğu versəm də cavab verməyəcəklər".
“Bank rəhbərliyinin hərəkətlərində nəsə qeyri-adilik varmı” sualına da Ş.Səmədovdan cavab istədik. Dedi ki, hələlik onları sona kimi dindirən olmayıb: “Kollektivdən ümumiyyətlə kimsə dindirilməyib. Rəhbərliyə ümumi 1-2 sual veriblər. Onlar da deyiblər ki, həmin gün işə gəlməyib. Vəssalam”.
S.Səmədovun çalışdığı Azərbaycan Sənaye Bankının (ASB) “Mətbuat” filialı ilə əlaqə saxladıq. Filialdan bildirdilər ki, iş günü olmadığından suallarımızı cavablandıracaq kimsə yoxdur.
Qeyd edək ki, ASB “Azərsun” Şirkətlər Qrupuna daxil bankdır.
S.Səmədovun oğurlanması faktını araşdıran müstəntiq Azad Əliyevlə də əlaqə saxladıq. Müstəntiq iş üzrə hər hansı bir yeniliyin olmadığını açıqladı: “Hər hansı bir yenilik yoxdur. Bütün rayon-şəhər polis idarələrinə sorğular yollamışıq. Hələlik cavab verilməyib”.
“Seymur Səmədovun hərəkət marşrutu üzrə yerləşən ”Təhlükəsiz Şəhər" kameralarının yaddaşını araşdırmısınızmı" sualına müstəntiq konkret cavab verməkdən yayındı. “İş üzrə saxlanılan, həbs olunan varmı” sualına isə A.Əliyev “yoxdur” deyə cavab verdi.
Günün sonunda öyrəndik ki, Xətai Rayon Prokurorluğunda bank işçisinin oğurlanması faktına görə başlanmış cinayət işi Bakı Şəhər Prokurorluğuna aparılıb.
Bakı Şəhər Prokurorluğundan məlumatı təsdiq edərək bildirdilər ki, cinayət işi öyrənilərək müvafiq tapşırıqlar veriləcək.
Yeni Müsavat