3 azərbaycanlı fəalın məhkəməsi keçirilib
06 avqust 2013 04:23 (UTC +04:00)

3 azərbaycanlı fəalın məhkəməsi keçirilib

Güney Azərbaycanda  3 azərbaycanlı fəalın məhkəmə prosesi keçirilib. APA-nın “Oyannews”a istinadən verdiyi xəbərə görə, Yədulla (Elman) Dəşti, Əli Hidayəti və Ramin Rzayi avqustun 3-də Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsində mühakimə ediliblər. Tikab (Tikantəpə) şəhərindən olan azərbaycanlı fəalları məhkəmədə vəkil Fatimə Səttari müdafiə edib.  Əli Hidayəti və Ramin Rzayi hakimiyyət əleyhinə təbliğat aparmaqda, Yədulla (Elman) Dəşti isə hakimiyyət əleyhinə təbliğat aparmaq və müxalif qruplarla əməkdaşlıqda günahlandırılırlar. Məhkəmə prosesi yerli vaxtla səhər saat 10:00-da başlayıb və üç saat davam edib. 

Hər üç fəal Azərbaycan dili, mədəniyyəti və musiqisinin yayılması uğrunda apardıqları dinc fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə tutulublar. Belə ki, R. Rzayi 2011-ci il sentyabrın 7-də həbs edilərək İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şəhərindəki təcridxanasına göndərilib. Y.Dəşti və Ə.Hidayəti isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Traktor” futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” klubu arasında keçirilmiş qarşılaşma zamanı həbsə alınaraq ETTELAAT-ın Miyandab (Qoşaçay) şəhərindəki təcridxanasına göndəriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar