Daxili Qoşunların əsgərinin xəstəlikdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, əsgərin xəstəlikdən ölməsi faktı ilə bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, əsgərin ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib.
Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hərbi Prokurorluğun məlumatında həmçinin qeyd olunur ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə ehtiyatsızlıqdan və qəsdən adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı, avtoqəza nəticəsində və ya digər səbəblərdən baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır, tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.
Qeyd edək ki, Daxili Qoşunların bir ay əvvəl həqiqi hərbi xidmətə çağırılan, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu xəstəlikdən dünyasını dəyişib. Daxili Qoşunlar əsgər S. Məmmədovun hemorragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitalına daxil olduğunu və həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadığını açıqlayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Daxili Qoşunların bir ay əvvəl hərbi xidmətə çağırılan əsgərinin ölməsi ilə faktı bağlı həyata keçirdiyi ilkin araşdırmaların nəticələrini açıqlayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzinin baş zabiti Nurəddin Heydərov APA-ya açıqlamasında qeyd edib ki, həmin çağırışçı xidmətin Qusar rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası tərəfindən müayinə olunub. Bu zaman onun səhhətində hər hansı problem, yaxud hər hansısa patologiya aşkarlanmayıb: “Eləcə də çağırışçının özü, yaxud valideynləri tərəfindən uşağın sağlamlığında hər hansı probleminin olması ilə bağlı xidmətə heç bir şikayət ünvanlanmayıb. Çağırışçı sağlam olaraq hərbi xidmətə göndərilib və hərbi hissəyə təhvil verilib. Onu da qeyd etmək zəruridir ki, bütün qoşun növlərində çağırışçılar təhvil alınarkən yenidən tibbi müayinədən keçirilirlər. Onların səhhətində hər hansı şübhəli məqam aşkar olunarsa, geri qaytarılırlar. O əsgərdə də belə bir problem yaşanmayıb” - deyə N. Heydərov bildirib.