Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəkil və tərcüməçi ilə təmin edilib.
Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bildirilib ki, Vaqif Xaçatryan Azərbaycanın Əsgəran rayonunda, 1953-cü ildə anadan olub.
Prosesdə təqsirləndirilən şəxsə hakim tərəfindən hüquqları izah edilib.
İş üzrə dövlət ittihamını Baş prokurorun xüsusi işlər üzrə köməkçisi Müqəddəs Sultanovun müdafiə etdiyi bildirilib.
Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Natiq Bəybalayev müdafiə edəcək. Vaqif Xaçatryan vəkilə etiraz etməyib.
Prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov da iştirak edib.
Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov tanınıb. O, Meşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur.
Prosesdə tərəflərə hüquqları izah edilib.
Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərək işin məhkəmə baxışıına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.
Məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra cinayət işi üzrə məhkəmə baxışı oktybarın 17-nə təyin edilib.
***
saat 10:38
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.
İclasda təqsirləndirilən şəxsin və iş üzrə zərər çəkən 59 nəfərin anket məlumatları dəqiqləşdiriləcək.
Məhkəmədə çəkilən fotodan belə məlum olur ki, Vaqif Xaçatryan prosesdə ağlayıb.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.