Qəbələdə fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydaları pozulub
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Yeni Dizaxlı kəndində Məhəmməd Babaşova məxsus fərdi evin həyətyanı sahəsində keçirilən toy mərasimində 150 nəfərdən artıq, yəni 190 qonağın iştirak etdiyi və onlardan 15-nin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aparılan yoxlamalar zamanı Mıxlıqovaq kəndində Yalçın Abduhüseynova məxsus ünvanda da təşkil edilən toy mərasimində analoji qayda pozuntularına rast gəlinib. Belə ki, mərasimdə 170 qonağın iştirak etdiyi və onlardan 25-nin COVID-19 pasportu olmadığı aşkarlanıb.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibləri inzibati məsuliyyətə cəlb olunub və hər biri 400 manat məbləğində cərimələnib.