Gəncədə toy karvanında bir qrup gənc nömrəsiz maşın sürərək avtoxuliqanlıq ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin gənclərin çoxavazlı səs siqnallarından və qanunla qadağan edilmiş sayrışan işıqlardan istifadə edərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Gənclər etdikləri qanunsuz hərəkətləri sosial şəbəkədə paylaşıblar.
Onların bir qisminin kimliyi müəyyən olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Hazırda digər şəxslərin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.