Bakıda polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində “TikTok” sosial şəbəkəsində bank olmayan kredit təşkilatlarının adlarına oxşar səhifələr açaraq insanları aldadan 24 yaşlı Sənan Abbasov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, araşdırmalarla S.Abbasovun səhifələrə müraciət edən vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək zərərçəkənlərin adlarına 100-600 manat aralığında mikrokreditlər rəsmiləşdirdiyi, daha sonra isə həmin pul vəsaitlərini xarici ölkələrdən birində yaşayan yaxın qohumunun kart hesablarına köçürdüyü müəyyən olunub. Qeyd edilən vəsaitlər daha sonra ölkə daxilində olan elektron pul kisələrinə göndərilərək, Gəncə şəhərində nağdlaşdırılıb və xarici valyuta şəklində yenidən ölkə xaricinə transfer olunub. S.Abbasov bu yolla 200 nəfəri aldadaraq 350 min manatdan artıq maddi vəsaiti mənimsəyib.
O, törətdiyi qanunsuz əməllərdən yayınmaq məqsədi ilə ölkəni tərk etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.
S.Abbasovun kiberdələduzluq tərkibli cinayət əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Onun qanunsuz əməllərini birgə həyata keçirdiyi, ölkə xaricində yaşayan və şəxsiyyəti polisə məlum olan qohumunun da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.