Moskva kişi siqaret çəkmək üçün özünü metronun relslərinə atıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə mayın 2-nə keçən gecə metronun Kaluzsko-Rıjskaya xəttinin VDNH stansiyasında baş verib. Kişi platformadan relslərin üzərinə enəndə elektrik qatarı olmayıb.
O, tunelə daxil olduqdan sonra siqnalizasiya cihazı reaksiya verib. Bundan sonra o, ATŞ-nin patrul əməkdaşları tərəfindən saxlanılaraq araşdırma aparılması üçün polis şöbəsinə aparılıb.
Qanunu pozan şəxsin 31 yaşlı Perm vilayətinin sakini olduğu üzə çıxıb. O, siqaret çəkmək istədiyi üçün relslərə atıldığını bildirib.
Həmin şəxsə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 11.15-ci maddəsinin 3-cü hissəsi (“Nəqliyyat təhlükəsizliyi sahəsində tələblərin pozulması”) ilə protokol tərtib edilib. Məhkəmə onun barəsində 7 sutka müddətinə inzibati həbs cəzası verib.