Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, avqustun 12-də saat 14:30-da Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb və ərazi qapadılıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti yaxınlığında sahibsiz halda gizlədilmiş 1 kisədə 8 ədəd bağlamada, ümumi çəkisi təxminən 16 kq 675 qram narkotik vasitəyə bənzər maddələr (3 kq 170 qram “tiryək”, 13 kq 505 qram “marixuana”) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.