Bakıda polisin üstünə idarə etdiyi avtomobili sürərək qaçmaq istəyən narkotacir saxlanılıb
Daxil İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanvarın 20-də paytaxtın Binəqədi rayonunda əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub.
Məlumatla əlaqədar Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək, qaçmağa cəhd edib. Ancaq onun qaçmaq cəhdinin qarşısı polislər tərəfindən alınıb.
Belə ki, polis əməkdaşları həmin avtomobilin təkərinə xidməti silahdan atəş açaraq, onu dayandırmağa müvəffəq olublar. Avtomobilə baxış zamanı Vüsal Hüseynova məxsus külli miqdarda “patı” adlanan psixotrop maddə olan metamfetamin aşkar edilib. O, ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Aşkar edilən faktla 7-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.