"Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində çəkilmiş və sosial şəbəkələrdə yayılmış görüntülər təhli olunaraq tərəfimizdən araşdırılır."
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov Lent.az-a bildirib ki, şikayətçi Şahin Qafarovun ağac kəsilməsi ilə bağlı iddiaları yerində yoxlanılıb və sözügedən ərazinin ötən ildə odun tədarükü üçün ayrılmış sanitar qırma sahəsi olduğu müəyyən edilib:
"Düzdür, meşələrdə qanunsuz ağac kəsilməsi hallarına rast gəlinir və tərəfimizdən qanunamüvafiq tədbirlər görülür. Lakin sözügedən sahədə belə fakt qeydə alınmayıb.
Araşdırmalar göstərir ki, məsələnin diqqət çəkən digər tərəfi isə şikayətçi Ş. Qafarovla Quba RMTM-də fəhlə işləyən qardaşı oğlu Orxan Qafarov arasında olan ailə münaqişəsidir və meşə işçilərinə qarşı olan ittihamları da bununla əlaqəlidir".
Həmçinin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Lent.az-a bildirib ki, hadisə ilə bağlı zərərçəkmiş polisə müraciət edib:
"Hadisə ilə bağlı Şahin Qafarov Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Müvafiq tibbi ekspertiza təyin olunub. Quba RPŞ-də və rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib."
Xəyal Talıbov bundan əlavə qeyd edib ki, sosial şəbəkələrdə döyülərək xəsarət alması ilə bağlı paylaşılan foto Şahin Qafarova aid deyil.
Qeyd edək ki, sosial şəbəkələrdə Quba sakini meşəbəyi Şahin Qafarovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən döyülməsi barədə məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, Ş. Qafarov "ağacları qırmayın" deyə video çəkərək sosial şəbəkədə paylaşılıb. Nəticədə nazirliyin Quba rayon şöbəsinin əməkdaşları onu döyərək xəsarət yetiriblər.