Qəbələdə benzindaşıyan maşının aşması nəticəsində ölən sürücünün kimliyi bilinib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə bu gün saat 11:30-də Vəndam qəsəbəsi ərazisində baş verib. 63 yaşlı Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili ilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı iki minik avtomobilinə dəyib. Daha sonra isə körpüdən aşıb. Hadisə yerinə dərhal polis və FHN-in əməkdaşları cəlb olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Avtomobildə sıxılı vəziyyətdə qalan M.Quliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi körpüdən aşan yük maşınından sürücünün meyitinin çıxarılması görüntülərini yayıb.
***
Saat: 13:05
Qəbələdə "Lukoil" şirkətinə məxsus benzindaşıyan avtomobil körpüdən aşıb.
Lent.az xəbər verir ki, hadisə Vəndam qəsəbəsində baş verib. İlkin ehtimala görə avtomobilin sürücüsü ölüb.
Hazırda sürücünün avtomobildən çıxarılması işləri aparılır.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə nəticəsində Naxçıvan Muxtar respublikası Şahbuz rayon sakini 1960-ci il təvəllüdlü sürücü hadisə yerində dünyasını dəyişib. Hazırda Fövqəladə Hallar Nazirliyinin şimal-qərb regional idarəsinin əməkdaşı və polis əməkdaşları hadisə yerindədir. Hadisənin sürücünün qəfil ürək tutmasından dünyasını dəyişməsi olduğu ehtimal olunur. Hadisə nəticəsində iki sərnişin avtomobilinə ciddi ziyan dəyib.