Bakıda polisə tabe olmayan sürücü həbs olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 24-də Bakıda məktəblərin birinin önündə avtomobil saxladığı üçün cərimələnən, lakin yol polisinə müqavimət göstərən "Opel Astra" markalı maşının sürücüsü Şükürlü Rüstəm Umud oğlu həbs olunub.
Onun barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsinə əsasən, 20 gün azadlıqdan məhrum edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a faktı təsdiqləyib.
Qeyd edək ki, hadisə zamanı R. Şükürlü başını divara çırparaq, yol polisinə tabe olmayıb. Hadisə ilə əlaqədar sosial şəbəkələrdə "yol polisi uşaqlarının gözü önündə sürücünü döydü" başlığı ilə məlumatlar yayılmışdı.