"Ona ağsaqqal kimi çox dəstək olmuşam" - Anar Əsədlidən zərər çəkən
17 aprel 2026 12:58 (UTC +04:00)

"Ona ağsaqqal kimi çox dəstək olmuşam" - Anar Əsədlidən zərər çəkən

0

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib.

Zərərçəkən İlham Hüseyn təqsirləndirilən A.Əsədli ilə 2020-ci ildə seçkilər vaxtı bir yerdə çalışdıqlarını deyib:

"Mən Anara ağsaqqal kimi çox dəstək olmuşam. Seçki qurtarandan sonra haradasa martın 22-si olardı, mənə dedi ki qərargahın puluna görə maddi sıxıntım var, mənə dəstək ola bilərsən? Ona dedim ki, cəmi 2 min dollar pulum var, onu verə bilərəm. O da dedi  ki, bu məbləğ yetməz, gör kimdən pul tapırsan. Oradan-buradan toplayıb ona 10 min dollar borc pul tapıb verdim. Günü-günə, ayı-aya qatdı, pulumu qaytarmadı. Sonra öyrəndim ki, bir neçə adamın da pulunu qaytarmayıbmış. Mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdim. Bundan sonra pulumu qaytardılar. Hazırda pulum ödənilib deyə şikayətim yoxdur".

Növbəti məhkəmə prosesi 1 may saat 14:15-ə təyin olunub.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Anar Əsədov yüksək qazanc adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda ümumilikdə 255 min manat pul alıb. Həmin puldan 23 min manat geri qaytarıb.

Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manatı qaytarıb. Təqsirləndirilən şəxs İlham Hüseyndən 17 min manat alıb və həmin məbləğin 4250 manat geri verib.

Xatırladaq ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar