Rusiya Daxili İşlər Nazirliyinin Kryukovski polis idarəsinin Solneçnoqorsk şəhər dairəsi üzrə rayon polis zabiti və onun rəisi ölən şəxsin əşyalarını oğurlayıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, vergi müfəttişliyinin 58 yaşlı keçmiş rəisinin ötən il noyabrın 27-də avtomobil dayanacağında halı pisləşib. O, maşının yanında dünyasını dəyişib.
Yaxınları kişini axtarmağa başlayıb. Onun qəzaya düşdüyünü güman edib bütün xəstəxanalara zəng vurublar.
Dekabrın 9-da qəfil mərhumun telefonunun internetdə elan saytlarında satışa qoyulduğu üzə çıxıb. Qohumlar axtarışları davam etdirib və hadisə şahidini tapıblar. O bildirib ki, üç gün sonra keçmiş vergi əməkdaşının maşını dayanacaqdan yoxa çıxıb.
Ölüm faktının qeydə alınmasına rayon polis məmurunun rəhbərlik etdiyini öyrənən yaxınları onun yanına getsələr də, məsələyə aydınlıq gətirilməyib. Polis yalnız cəsədin harada olması barədə məlumat verib. Daha sonra polis mərhumun bəzi şəxsi əşyalarını təhvil versə də, onları iş materialları ilə tanış etməyib.
Yalnız dekabrın 17-də yaxınları keçmiş vergi işçisinin “Hyundai Accent” markalı avtomobilinin satıldığı və bank kartından təxminən 12 min rubl çıxıldığı öyrənilib.
Məlum olub ki, mərhumun əşyaları (avtomobilin açarları və sənədləri, həmçinin iki mobil telefonun sim kartları) 37 yaşlı rayon polis məmuru və onun 42 yaşlı rəisinin əlində olub. Qısa zamanda polis əməkdaşlarının avtomobil və pul oğurluğunda iştirakı sübuta yetirilib.
Hər iki polisə müəyyən həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.