Zaqatala dağlarında itkin düşən turistin yaxınları üç aydan sonra Azərbaycanı tərk etmək qərarına gəliblər.
Lent.az xəbər verir ki, turistin atası Purna Chandra Rao Kondaveeti və qardaşı Dharan Kondaveeti bu gün Zaqatalanı tərk ediblər.
Onlar bu gün Bakıya, oradan da Hindistana gedəcəklər.
Qeyd edək ki, Purna Chandra Rao Kondaveeti və Dharan Kondaveeti itkin düşən yaxınlarını tapa bilmədikləri üçün Azərbaycanı tərk etmək qərarına gəliblər.
Xatırladaq ki, bu il mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
O itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəlib.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.
100 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.