Nəzrini əməliyyat edən cərrah   həbs edildi - YENİLƏNİB
22 yanvar 2025 18:25 (UTC +04:00)

Nəzrini əməliyyat edən cərrah həbs edildi - YENİLƏNİB

Baş Prokurorluq burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı saxlanılan lor-cərrahın həbsi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumatda deyilir ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya rəhbərlik edən prokurorun təqdimatı əsasında Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib".

Qeyd olunub ki, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı saxlanılan lor cərrahla bağlı qərar verilib.

Lent.az-ın məlumatına görə, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həkim Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib./APA

***

saat 17:20

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan lor cərraha ittiham irəli sürülüb.

Lent.az-ın məlumatına görə, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Təqdimata Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq./APA

***

21 yanvar, saat 17:19

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurovanın ölümü ilə bağlı həkim saxlanılıb.

Lent.az xəbər verir ki, lor cərrah Sənan Mehdiyev başlanan cinayət işi üzrə şübhəli kimi saxlanılıb.

Sənan Mehdiyev

Qeyd edək ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3129
avatar

Oxşar yazılar