Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Neftçala rayonunda növbəti profilaktik tədbir keçirib.
DİN-dən Lent.az-a verilən məlumata görə, tədbir zamanı Neftçala rayon sakinləri Cəsarət Bəşirov, Yaşar Ayazov, Nəhməd Babayev, İsmayıl Rəsulov, Turab Süleymanov və Bilal Hüseynov qanunla istifadəsi qadağan olunmuş balıqovlama alətləri ilə körpə balıq ovladıqları üçün saxlanılıblar. Həmin şəxslərdən qadağan olunmuş balıq ovu alətləri və 360 metr uzunluğunda sintetik tor maddi sübüt kimi götürülüb. Su Polisləri tərəfindən Xaçmaz rayonunda keçirilən tədbir zamanı isə Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli və digər növdən olan balıqların ovlandığı müəyyən edilib. Araşdırma zamanı körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan həvəskar balıqçı adı altında tutulub satılmasını təşkil edən şəxslər müəyyən edilərək saxlanılıblar. Qeyd edilən faktlarla bağlı həmin şəxslər barəsində akt və inzibati xəta haqqında protokollar tərtib edilib.
Araşdırmalar zamanı, həmçinin müəyyən edilib ki, körpə cinsli nərə balıqlarının qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe və restoran sahibləri tərəfindən sifariş edilib. Qeyd edilən ictimai iaşə obyektlərinin sahiblərinə xəbədarlıq edilərək bildirilir ki, bu halların təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanununauyğun olaraq ciddi tədbirlər görüləcək.
Su Polisləri tərəfindən ökə ərazisində xüsusən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirlər sahil boyu bütün ərazilərdə mütəmadi olaraq davam etdiriləcək.
İdarə əməkdaşları tərəfindən digər aidiyyəti dövlət orqanı ilə birgə “Qızılağac”, “Sarısu” və digər bu kimi qoruqlarda adı “Qırmızı Kitab”a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin, eləcə də müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq aparılır.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.