Nəcməddin Sadıkova 21 min manatlıq armudu stəkan alınıb - Orduda 143 milyonluq mənimsəmə
15 iyul 2024 12:03 (UTC +04:00)

Nəcməddin Sadıkova 21 min manatlıq armudu stəkan alınıb - Orduda 143 milyonluq mənimsəmə

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Cəlal Kazımovun müdafiəçisi Əli Adıgözəlov vəsatətini bildirib və qeyd edib ki, cinayət işində çoxsaylı şəxslərin ad və soyadları var. Ə. Adıgözəlov həmçinin qeyd edib ki, həmin şəxslərin kart hesablarına pullar köçürülüb və mənimsənilib.

“Həmin şəxslərin cinayət işində izahatları var və onlar “ölü canlar” deyillər. Kartlara köçürülmə yolu ilə 1 milyon manata yaxın pulun mənimsənilməsindən söhbət gedir. Adları qeyd olunan şəxslərin məhkəməyə çağırılması və dindirilməsi təmin olunmalıdır.”

Məhkəmə həmin şəxslərin cinayət işində izahatları olduğunu əsas gətirərək vəsatəti təmin etməyib və sənədlərin tədqiqi mərhələsində həmin izahatların açıqlanacağını və araşdırma aparılacağını bildirib.

Məhkəmənin gedişatında cinayət işində olan sənədlər tədqiq edilib. Həmin sənədlərin arasında təqsirləndirilən şəxslərin xidməti fəaliyyətləri ilə bağlı xasiyyətnamələr də var.

Hərbi Dəniz Qüvvələrinin istintaq orqana göndərdiyi xasiyyətnamədən məlum olur ki, Vüsal Əlizadə xidməti dövründə şəxsi heyətlə münasibətləri həmişə yaxşı olub, xidməti dövründə heç bir nöqsan və cəza almayıb.

Amma Hərbi Hava Qüvvələrinin o vaxtkı rəisi olmuş Ramiz Tahrovun Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinə göndərdiyi rəydə maliyyə xidmətinin rəisi olmuş Cəlal Kazımov mənfi xarakterizə olunub.

Cəlal Kazımovun vəkili Əli Adıgözəlov müdafiə etdiyi şəxsə qarşı verilən xasiyyətnamə qərəzli olduğunu deyib: “Cəlal Kazımov döyüş bölgələrində olub, xidmətinin, ona verilən tapşırıqların öhdəsində layiqincə gəlib.”

Cəlal Kazımov da bu xasiyyətnamənin qərəzli olduğunu deyib. C. Kazımov 30 il xidmət etdiyini və heç vaxt töhmət və ya cəza almadığını bildirib.

Təqsirləndirilən Bayram Bayramovla bağlı Quru Qoşunların rəhbərliyi tərəfindən göndərilən rəydə o, xidməti dövründə müsbət xarakterizə olunub. Həmin rəydə göstərilir ki, Bayram Bayramov xidməti dövründə heç bir vaxt töhmət almayıb.

Lakin hakimlərin açıqlandığı sənədlərdən məlum olub ki, Bayram Bayramov əvvəllər məhkum olunub. Rəsmi sənədlərə görə, Bayram Bayramov Cəlilabad Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cəzadan da aşağı həddə cəza təyin olunub. Belə ki, həmin hökmlə Bayram Bayramov 500 manat miqdarında cərimə olunub.

Daha sonra hakimlərin açıqladığı sənədlərə görə, Vüsal Əlizadə 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Buna görə də o, Ağdamın işğalından azad olunması, Ordunun 100 illiyi medalı ilə təltif olunub.

Müdafiə Nazirinin göndərdiyi rəydə isə məlum olub ki, general Nizami Məmmədov xidməti dövründə heç bir vaxt töhmət və ya cəza almayıb. Rəydə general xidməti ilə bağlı müsbət xarakterizə olunub.

Daha sonra hakimlər Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanovun istintaqa göndərdiyi hesabat açıqlanıb. Elnur Süleymanov nazirlikdə son illər ərzində xərcləri açıqlayıb. Həmin hesabatda qeyd olunub ki, nazirlikdə 2015-2019-cu illərdə tədbirlərə 713 min manat xərc çəkilib.

Belə ki, bəzi mühüm tədbirlər üçün nazirliyin sifarişi ilə “Ağ Çiçəyim” gül salonları şəbəkəsindən həmin illər ərzində 60 min manatlıq gül alınıb. Dibçəklərin alınması üçün isə 14 min manat xərclənib.

Hesabatda həmçinin Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəciməddin Sadıkovla bağlı bəzi xərclər açıqlanıb.

Nəciməddin Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat xərclənib.

Bundan əlavə Nəciməddin Sadıkova 80 çaxır alınıb ki, həmin çaxırların birinin qiyməti 100 manat olmaqla 8 min manat xərclənib.

Növbəti məhkəmə iclası iyulun 19-na təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7767
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05