Rusiyanın Tümen şəhərində iki azərbaycanlı qanuni oğruların tərəfdarları arasında atışma baş verib.
Lent.az-ın “Tumenpro” nəşrinə istinadən məlumatına görə, şəhərin mərkəzindəki Klara Setkin küçəsində baş verən insident iştirakçıları rezin dəyənək və pnevmatik tapançalarla silahlanıblar.
Həmin şəxslərin Noyabrsk şəhərindən gəldiyi bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, qarşıdurma Lotu Quli və Rövşən Lənkəranskinin tərəfdarları arasında olub. Səbəbsə Tümen və Noyabrsk şəhərlərində yerləşən meyvə-tərəvəz bazalarının uğurunda imiş.
Atışma nəticəsində bir nəfər ağır yaralanıb. Polis konflikt iştirakçılarından bir neçəsini saxlaya bilib.
Hazırda araşdırmalar gedir.