Bir neçə gün əvvəl Özbəkistanda həbs olunan 43 yaşlı azərbaycanlı "qanuni oğru" Rafət Əmirovun saxlanılmasının səbəbi məlum olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və ABŞ tərəfindən İnterpol xətti ilə axtarışda olan Əmirov bir neçə qətldə ittiham olunur.
Rusiya onu 2010-cu ildə Moskvada 32 yaşlı Əli Babayevi öldürməkdə təqsirli bilirdi. ABŞ-ın onu İnterpol xətti ilə axtarmasının səbəbi olduqca maraqlıdır. Əmirov Avropada rəsmi Tehranın sifarişi ilə iranlı müxalifətçiləri öldürməkdə günahkar bilinir. ABŞ kriminalistlərinin qənaətinə görə, Rafət Əmirov bu işdə tək olmayıb.
O, Polad Ömərovla müxalifətçi ovuna çıxırmış. Bu il yanvarın 4-də Polad Ömərov Çexiyada həbs edilib. O, ifadəsində Rafət Əmirovla birgə hərəkət etdiyini bildirib və sifarişçilərin adını çəkib.
Hazırda hər iki şəxsin ətrafında istintaq davam edir.