İranla sərhəddə hərbçilərimizi şəhid edənlərə qarşı əməliyyat keçirilib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram “marixuana” və 95 qram “metamfetamin”, güclü təsir edən maddə olan 17715 ədəd “preqabalin” həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.
İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi Baş prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimiayyətə ətraflı məlumat veriləcəkdir.
Qeyd edək ki, mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycanın mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.