527 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Latviyaya "kimyəvi maddə və quruducu qatqı" yükü aparan İran vətəndaşı Sıasatı Ashkan Bahmanın idarə etdiyi "Renault" markalı "JJ056WW/FF106T" dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verib və yük avtomobilində əsaslı yoxlama aparılıb.
Nəticədə, avtomobildə olan paletlərdəki 105 ədəd 10 litrlik metal qabların hər birinin içərisində 1 ədəd olmaqla, ümumilikdə 105 ədəd şəffaf paketə qablaşdırılmış maye halında, tünd qəhvəyi rəngli, spesifik qoxu ilə müşayiət olunan narkotik vasitə - heroin aşkar edilib. Baxış zamanı paketlər elektron tərəzidə çəkilib və təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib.
Aparılan təhlillər onu göstərir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar əvvəllər Azərbaycanın işğal altında olan nəzarətsiz torpaqlarından rahat şəkildə tranzit marşrut kimi istifadə edərək məqsədlərinə çatırdılar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra "rahat marşrut"ları əldən çıxan cinayətkarlar öz çirkin əməllərini gerçəkləşdirmək üçün narkotikləri digər marşrutlardan - dövlət sərhədinin mühafizə olunan hissəsindəki gömrük-sərhəd buraxılış məntəqələrindən keçirməyə cəhd göstərirlər. Lakin gömrükçülərin sayıqlığı nəticəsində bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 15:42
Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O qeyd edib ki, keçirilən əməliyyatlar nəticəsində Biləsuvar gömrük postunda 527 kiloqramdan artıq narkotik vasitə olan heroin ələ keçirilib.