İrandan Azərbaycana yarım tondan çox  narkotik keçirmək istədilər - Xəzərdə ƏMƏLİYYAT
04 oktyabr 2025 12:24 (UTC +04:00)

İrandan Azərbaycana yarım tondan çox narkotik keçirmək istədilər - Xəzərdə ƏMƏLİYYAT

0

Sentyabrın 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Хidmətinin mətbuаt mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər keçirilib.

Azərbaycan Respublikası ərazi sularında və sahilboyu ərazidə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 46 yaşlı Atacani Tahir Xaləd, 38 yaşlı Məxtumi Sadiq Ərazqurban və 36 yaşlı Qangerme Omid Çalce olması müəyyən edilib.

Sərhəd pozucularının üzərindən aşkar edilmiş “Garmin” markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran İslam Respublikası ərazisindən 1074 km məsafə qət edib Türkmənistan Respublikasının ərazi sularından keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması müəyyən edilib.

Saxlanılmış “Layner” tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində “Niva” markalı nəqliyyat vasitəsində 4 Azərbaycan Respublikası vətəndaşı da şübhəli şəxs qismində saxlanılıb.

Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar