Özünü “imam Mehdi” adlandırıb dələduzluq etməkdə ittiham olunan Babayev Aqil Zalış oğlu haqqında yeni təfərrüatlar ortaya çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, A.Babayev 2 il əvvəl paytaxtın Xətai rayonu, Neapol küçəsində bahalı avtomobili ilə adam vurub öldürüb. Sonra hadisə yerindən qaçıb.
Hadisə 2019-cu il aprelin 23-də qeydə alınıb. 1972-ci il təvəllüdlü Babayev Aqil Zalış oğlunun idarə etdiyi “Audi A8” markalı, 10-SR-111 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1983-cü il təvəllüdlü Ağayev Şamo Firudin oğlunu vuraraq aldığı xəsarətlərdən sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Xətai rayonu polis və prokurorluq əməkdaşlarının keçirdiyi təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində o, aprelin 24-də rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib.