Gürcüstana qanunsuz yolla keçməyə cəhd olunub.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, dekabrın 5-i saat 18:40-da Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini 18 yaşlı Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri 16 yaşlı Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideynləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıb.
Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zərurimaarifləndirmə və təbliğat işləri aparılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.