Goranboyda silahlı insident olub.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, avqustun 26-da Goranboy rayonu, Todan kənd sakini S. Əliyev DİN-in "102 Zəng Mərkəzi " Xidmətinə müraciət edərək rayonun Erkəc kəndi ərazisində tanımadığı 2 nəfər şəxsin ona ov tüfəngi ilə atəş açması barədə məlumat verib:
"Müraciətlə əlaqədar Xocalı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məlum olub ki, S. Əliyev yaşadığı evə qayıdan zaman yol kənarındakı sahəyə daxil olaraq günəbaxan yığıb. Bu zaman sahənin sahibləri Zaur Nağıyev və Şahin Mərdənov ondan sahədən çıxmasını tələb etdiyinə görə aralında mübahisə yaranıb. S. Əliyev sahədən çıxmadığna görə Z. Nağıyev özünə məxsus 12 kalibrli, müvafiq sənədləri olan ov tüfəngi ilə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb.
Z. Nağıyevin atəş açdığı və digər bir ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir".